İyulun 21-də Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudilərinin İrsi Mərkəzində mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi açılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində VI çağırış Milli Məclisin deputatları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, İsrailin Azərbaycandakı səfiri Corc Dik, mərhum jurnalistin oğlu, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGI) prezidenti German Zaxaryayev və Qırmızı Qəsəbə sakinləri iştirak ediblər.
Tədbirdə anadan olmasının 85 illiyi qeyd edilən mərhum jurnalist Raşbil Zaxaryayevin qısa ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan gənc qələm sahibi 1966-cı ilin noyabr ayından Qubada nəşr olunan “Şəfəq” qəzeti redaksiyasında fəaliyyətə başlayıb. Ömrünün parlaq çağında – 39 yaşında dünyasını dəyişən Raşbil Zaxaryayev “Şəfəq” qəzetində özünəməxsus dəsti-xətti ilə seçilən əməkdaşlardan biri olub. Raşbil Zaxaryayev jurnalist fəaliyyəti ilə yanaşı yazdığı lirik şeirləri ilə də tanınıb. Onun şeirləri dövrü mətbuatda tez-tez çap olunub.
Çıxış edənlər ölkəmizin tolerantlıq ənənələrindən danışaraq sərginin xüsusi əhəmiyyətini vurğulayıblar.
Sərgidə həmçinin “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının yeni nəşri təqdim edilib və Raşbil Zaxaryayevə həsr olunan sənədli film nümayiş olunub.