Dünya Seriyası: Azərbaycanın iki güləşçisi medal qazanıb

Çimərlik üzrə Azərbaycan millisinin iki üzvü həftəsonu Rumıniyanın Timişoara şəhərində keçirilən Dünya Seriyasının III mərhələsində iki medal qazanıb.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Babazadə ukraynalı Oleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidis (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda 1-ci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçdan (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovdan (3:0) güclü olub. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan R.Babazadə gümüş medalla kifayətlənib ki, bu da idmançının bu növdə ilk nailiyyəti olub.

Ramiz Həsənov (80 kiloqram) A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvini (2:0) məğlub edib. Qrup lideri kimi yarımfinala yüksələn R.Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Oleksey Yakovçuka da şans tanımayıb – 3:0. İ.Yusubov Dünya Seriyasının öncəki mərhələsində olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medal əldə edib.

Azərbaycan millisi yekunda 52 xalla komanda hesabında ikinci yeri tutub. Yığma yarışı çempion kimi başa vuran Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ (45) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi sentyabrın 21-22-də Yunanıstanın Katerini şəhərində baş tutacaq.

Oxşar Xəbərlər