Özbəkistan Statistika Agentliyi: İqtisadiyyat uğurla inkişaf edir

Özbəkistan Statistika Agentliyi 2024-cü ilin birinci yarısında ölkə iqtisadiyyatının inkişaf nəticələrini açıqlayıb.QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir.

Hesabatda qeyd edilir ki, cari ilin ilk altı ayı milli iqtisadiyyat üçün əlverişli olub; yanvar-iyun aylarında ümumi daxili məhsul 6,4 faiz artıb, eyni zamanda, 2023-cü ilin eyni dövrü ərzində artım 6,2 faiz təşkil edib.

Yanvar-iyun aylarında əsas kapitala sərmayələrin həcmi 37 faiz artıb. Hesabatda birbaşa xarici sərmayələrin yüksək – 47 faizlik artımı vurğulanır. Yarımilliyin nəticələrinə görə mərkəzləşdirilmiş sərmayələrin payı 10,7 faizə qədər azalıb, eyni zamanda, qeyri-mərkəzləşdirilmiş sərmayələrin payı isə müvafiq olaraq 89,3 faizə qədər artıb.

İstehsalın artımı iqtisadiyyatın bütün sahələrində müşahidə olunur. Kənd təsərrüfatında buraxılan məhsulun həcmi 3,8 faiz, sənaye istehsalı isə 2023-cü ilin yanvar-iyun aylarındakı 5,6 faizə qarşı birinci yarımillikdə 7,8 faiz artıb. Tikinti sektorunda buraxılış həcmləri də 10,1 faiz çoxalıb.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə göstərilmiş bazar xidmətlərinin həcmləri 12,9 faiz artıb. Nəqliyyat sahəsində göstərilmiş xidmətlərin həcmində 6,5 faizlik artım var.

Xarici ticarət həcmlərinin artım templəri ötən ilin göstəriciləri ilə müqayisədə yavaşlayıb, – deyə Statistika Agentliyinin hesabatında bildirilir. Eyni zamanda, yanacaq-enerji materiallarının ixracının 40 faiz, kimyəvi məhsulların – 33 faiz, xidmətlərin – 26 faiz, xammalın – 8 faizlik artımı qeyd olunur.

Birinci yarım ildə, həmçinin idxal rəqəmləri açıqlanıb; yanacaq-enerji materiallarının idxalı 66 faiz, xidmətlərin – 57 faiz, hazır məmulatların – 7,4 faiz, maşın və nəqliyyat avadanlığın – 5,6 faiz, sənaye mallarının- 2,1 faiz artıb.

Oxşar Xəbərlər