“Zirə”ni yaxşı analiz etmişik. Öz oyun üslubumuzu sabah göstərmək istəyirik. Ümid edirəm ki, meydanda planlarımızı da həyata keçirə biləcəyik”.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın “Dunayska Ştreda” komandasının baş məşqçisi, Xisko Munyoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, “Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə keçirdiyi oyunlar barədə fikirlərini də bölüşüb: “Həmin oyunun taleyini kiçik detallar həll etdi. Hər iki komanda yaxşı mübarizə apardı. Hazırda rəqibimizin taktiki hazırlığı yüksək səviyyədədir. Əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik”. 44 yaşlı X. Munyoz vaxtilə Gürcüstanın “Dinamo” (Tbilisi) komandasında köməkçi məşqçi işlədiyi dönəmdə “Qəbələ” ilə qarşılaşdıqları matçı xatırladıb: “Qəbələ” komandası çox güclü idi. Həmin heyətdə olan Davit Volkov hazırda “Zirə”də çıxış edir. Çox keyfiyyətli oyunçudur. İstənilən vaxt oyunun taleyini dəyişməyi bacarır”.
İspaniyalı mütəxəssis təşkilatçılığa görə “Zirə” klubuna təşəkkür edib. Qeyd edək ki, “Zirə” – “Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Slovakiyada baş tutacaq.