2034-cü il XXVII Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək.
QİA.az-ın sportbox.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Parisdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci sessiyasında keçirilən səsvermə nəticəsində məlum olub.
Bildirilir ki, səsvermə zamanı Solt Leyk Siti üçün sessiyanın 83 iştirakçısı səs verib, 6 səs əleyhinə olub.
“BOK 2034-cü il XXVII Qış Olimpiya Oyunlarının Yuta ştatının Solt Leyk Siti şəhərinə verilməsini elan etməkdən şərəf duyur”, – deyə komitədən bildirilib.
Solt Leyk Siti 2034-cü il Oyunlarına yeganə namizəd idi və BOK üzvləri tərəfindən təsdiqlənib.
Sessiya zamanı BOK-un vitse-prezidenti Con Kouts bildirib ki, əgər ABŞ Ümumdünya Antidopinq Agentliyinin (WADA) dopinqlə mübarizədə üstünlüyünü tanımasa, təşkilat 2034-cü il Oyunlarının Solt Leyk Sitidə keçirilməsi ilə bağlı müqaviləni ləğv etmək hüququna malikdir.
Solt Leyk Sitidə Olimpiada 2034-cü ilin fevralında keçiriləcək. 2002-ci ildə şəhər artıq Qış Olimpiadasına ev sahibliyi edib.