Ukraynalı səyyah: Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur

Azərbaycanda bir neçə dəfə olmuşam, amma Qarabağa getməyi çox arzulamışam.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində dünya miqyaslı “Most Traveled People” (MTP) səyahət klubunun nümayəndə heyətinin tərkibində ölkəmizə səyahət edən ukraynalı səyyah Vladislav Kibol bildirib.

Onun sözlərinə görə, çoxdandır ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etmək istəyib, lakin mina təhlükəsi səbəbindən Şuşa və Xankəndini görmək cəhdləri bir neçə dəfə uğursuz olub.

“Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlər bizi heyran etdi. Füzuli şəhərindəki müasir hava limanı, gözəl yollar, bərpa edilmiş qəsəbələr və sairə bizdə Azərbaycanın uğurlarına sevinc hissi doğurdu”, – deyə ukraynalı səyyah bildirib.

Vladislav Kibol əlavə edib: “Azərbaycan yaralarını sağaldır, torpaqlarını bərpa edir. Ümid edirik ki, tezliklə təkcə yerli turistlər deyil, xaricdən də qonaqlar bu yerlərin gözəlliyini görmək, məscid və kilsələrin əsrarəngiz memarlığına heyran olmaq üçün buraya gələcəklər”.

Qonaq yekunda deyib: “Mən çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur”.

Oxşar Xəbərlər