Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları ilə görüş olub – FOTOLAR

Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası ilə görüş keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a bildiriblər ki, görüşdə yığma üzvləri Şəhriyar Məmmədyarov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və kapitan Teymur Rəcəbov iştirak edib. Ölkə xaricində olan Rauf Məmmədov toplantıya videobağlantı vasitəsilə qoşulub.

Olimpiadaya hazırlığın gedişatı və son yarışlardakı nəticələrlə maraqlanan AŞF-nin prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı bundan sonra da milli komandaya lazımi şəraitin yaradılacağını bildirib. Görüş zamanı fərdi qaydada hazırlaşan şahmatçıların fikirləri dinlənilib, olimpiada ilə bağlı mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-23-də Macarıstanda keçiriləcək. Yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Oxşar Xəbərlər