Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır və anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda infeksion xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və yoluxma ehtimalı artır.
QİA.az xəbər verir ki, bunu “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr peyvənd təqviminə uyğun vaksinasiyaya cəlb olunmalıdır: “Həmin uşaqların qorunması xüsusilə vacibdir, çünki onlarda infeksion xəstəliklərdən müdafiə daha aşağıdır və xəstələnmə ehtimalı çoxdur. Onlar pediatrın təyinatı ilə peyvənd olunur. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruzqalma riski olduqca yüksəkdir. Həmçinin bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır”.
A.Əliyeva onu da qeyd edib ki, peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır.