Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
QİA.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-ci, 443-cü, 444-cü, 445-ci, 447-ci və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və hüquq elmləri doktoru R.Qaraqurbanlının mülahizəsini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.
Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.