Dünyanın aparıcı çip istehsalçılarından biri olan “Intel” sənayedəki süni intellekt bumu səbəbindən ciddi uğursuzluqla üzləşib. Kompaniya ilin ikinci rübünü 1,6 milyard dollar itki ilə yekunlaşdırıb.
QİA.az xəbər verir ki, kompaniya vəziyyəti düzəltmək üçün sərt qənaət tədbirlərinin görüləcəyini elan edib. Mənzil qərargahı Kaliforniyanın Santa-Clara şəhərində yerləşən “Intel” iş yerlərinin 15 faizindən çoxunu ixtisar etmək niyyətindədir. Bu addım təxminən 18 min 500 insanın işini itirməsi ilə nəticələnə bilər.
Kompaniya iş yerlərinin ixtisarı da daxil olmaqla, görüləcək digər tədbirlər sayəsində gələn il 10 milyard dollara yaxın vəsaitə qənaət etməyi planlaşdırır.
Qeyd edək ki, bir vaxtlar çip sənayesinin lideri sayılan “Intel” indi bu sahədə xeyli geridə qalır. Hazırda klassik serverlər üçün prosessorlara tələbat kəskin şəkildə azalıb. Kompaniya, həmçinin süni intellekt sahəsində rəqabətə davamlı prosessor hazırlamağa da nail olmayıb.