Azərbaycan idmançılarını Paris Olimpiadasındakı möhtəşəm çıxışı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dördilliyin ən mötəbər turnirində iki qızıl medal qazanmaq doğrudan da böyük uğurdur. Qardaş ölkə olaraq daim Azərbaycanımızı dəstəkləyir və sizinlə qürur duyduğumuzu bilməyinizi istəyirik.
QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyə Cüdo Federasiyasının prezidenti Sezər Huysuz deyib.
Federasiya rəhbəri bildirib ki, Azərbaycanın “Paris-2024”də əldə etdiyi medallar onlara xüsusi motivasiya verir: “Bu, hər zaman belədir. Bizim uğurumuz Azərbaycanı, Azərbaycanın uğuru isə bizləri həvəsləndirir. Olimpiya kəndində azərbaycanlı qardaşlarımızla eyni binada qalırıq. Eyni sevinci, eyni kədəri yaşayırıq. Türk millətinin əldə etdiyi hər qələbə bizim xoşbəxtliyimizə səbəb olur. Türk dünyasının idman aləmində söz sahibi olduğunu görmək bizi qürurlandırır. Cüdo üzrə Özbəkistan, Qazaxıstan və Azərbaycan milli komandalarının hazırda aktivində qızıl medallar var. Türklər hər zaman birlikdə hərəkət etsə, uğurlarımızın sayı daha da artacaq”.
S.Huysuzun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyası (ACF) son 3-4 ildə xeyli inkişaf edib: “Federasiyaya yeni rəhbərlik təyin olunduqdan sonra ACF-nin uğurlarına tez-tez şahidlik edirik. Rəhbər şəxsləriniz idmançılarla çox yaxşı dialoq qura bilirlər. Bu federasiya ilə əməkdaşlığımız həmişə davam edir. Azərbaycan cüdosunun hazırda gəldiyi səviyyə gözardı edilə bilməz. İldən-ilə artan uğurların səbəbi idman təhsilinə verilən önəm və infrastrukturun güclü olmasıdır”.
Federasiya rəhbəri Türkiyənin cüdo yığmasının Olimpiadadakı çıxışını da dəyərləndirib: “İdmançılarımız hələ ki, yüksək nailiyyətlər əldə edə bilməyiblər. Qadın cüdoçumuz Kayra Sayit yarımfinaldadır. Ümid edirik ki, o, mərhələ adlayaraq finaldakı rəqibini məğlub edər və biz də nəhayət, ilk medalımıza qovuşarıq. Hazırda istəyimiz budur. Sabah isə komanda yarışları var. Bu yarışlarda da ölkəmizi ən yaxşı şəkildə təmsil edib Vətənə qayıtmaq istəyirik”.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib. Bu göstərici ilə Azərbaycan medal sıralamasında hələlik 15-ci sıradadır. Türkiyə isə əldə etdiyi 1 gümüş və 1 bürünc mükafatla 35-ci pillədə yer alır.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.