Nigerin keçid dövrünün Prezidenti Abdurəhamane Tiani bir daha Fransanı ölkəsində sabitliyi pozmaqda və Qərbi Afrikada terroru dəstəkləməkdə ittiham edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Tiani Nigerin Milli Günü münasibətilə televiziyaya verdiyi müsahibədə bu barədə danışıb.
“Nigerdə sabitliyi pozmaq kimi qeyri-sağlam addımlar ərazimizdən qovduğumuz Fransa DGSE-nin (Xarici Təhlükəsizlik Baş Direktorluğu) bütün agentlərinin yenidən yerləşdirilməsi ilə yayılır. Onlar yenidən Benində və Nigeriyada yerləşiblər”, – deyə Niger Prezidenti bildirib.
O, fransız agentlərinin terror təşkilatları ilə əməkdaşlıq etdiyini bildirərək, sabitliyi pozmaq istəyinin fakt olduğunu deyib. Bildirib ki, ölkədən ilk çıxan fransızlar 2023-cü ilin oktyabrın 25-26-da “Boko Haram” və “İswap” silahlıları ilə görüşüblər. “Onlar bu terrorçulara Nigeriya dövlətinə, eləcə də fransız əsgərlərindən onların ərazilərini tərk etmələrini tələb edən yeni Nigeriya hakimiyyətinə qarşı açıq müharibəyə getməyi təklif ediblər” ,- deyə A.Tiani xatırladıb. O, Fransa tərəfinin terrorçulara silah çatdırdığını təsdiqləyib.
“Onlar 2024-cü il yanvarın 10-dan 11-nə keçən gecə eyni manevri təkrarladılar və yenidən iki vertolyot vasitəsilə fransız qoşunlarının təkliflərini qəbul etməyə hazır görünən “Boko Haram” terrorçularına hərbi texnika çatdırdılar… Bu silahların mənşəyini izləyə bilməməyimiz üçün onlar rəqəmləri sildilər”, – deyə Niger Prezidenti qeyd edib.
“Bunlar fransızlar tərəfindən görülən tədbirlərdir və belə tədbirlər davam edir, Onlara bildirin ki, biz onları izləyirik və lazımi vaxtda hərəkətə keçəcəyik”, – deyə A.Tiani əlavə edib.
Fransa XİN-i ötən ilin may ayında Nigerin Baş naziri Ali Mahamane Lamine Zeinenin Nigerdə sabitliyi pozmaq üçün Benində fransız təlim düşərgələrinin mövcudluğu ilə bağlı oxşar iddialarını rədd etmişdi.
Fransa Ordusunun Baş qərargahı qeyd etmişdi ki, Benində Fransa hərbi bazası yoxdur. Daimi hərbçi kimi XİN nəzdində olan hərbi attaşedir.
Xatırladaq ki, 2023-cü il iyulun 26-da prezident Məhəmməd Bazumun mandatına son qoyan dövlət çevrilişindən sonra Niger və Fransa arasında münasibətlər pisləşməkdə davam edir. Bu, Fransanın Niameydəki səfiri Silvain İttenin ölkədən qovulması, bütün hərbi əməkdaşlığın dayandırılması, fransız əsgərlərinin ölkədən qovulması ilə nəticələnib.