Stratosferə turist uçuşları üçün nəzərdə tutulmuş prototip kosmik hava şarı bu ilin sentyabrında Səudiyyə Ərəbistanında sınaqdan keçiriləcək. Bu, kosmos turizminə doğru əhəmiyyətli bir addımdır.
QİA.az “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, İspaniya startapı “Halo Space” 35 kilometrə qədər yüksəkliklərə sıfır emissiyalı səyahətlər təklif etmək məqsədi ilə hava şarı hazırlayıb. Şirkət 2026-cı ildə kommersiya fəaliyyətinə başlamağı planlaşdırır. Stratosferə biletin qiymətinin təxminən 163 791 dollar olacağı gözlənilir.
“Halo Space” kommersiya uçuşlarına başlamazdan əvvəl hava şarının təhlükəsizliyini nümayiş etdirməlidir. Səudiyyə Ərəbistanının Rabitə, Kosmos və Texnologiya Komissiyası (CST) tərəfindən dəstəklənən ilk sınaq kritik sistemləri yoxlamaq məqsədi daşıyır.
“Halo Space” startapının baş texnologiya direktoru Alberto Kastrillo deyib: “Bu missiya son üç il ərzində inkişaf etdirdiyimiz bütün kritik sistemlərimizi diqqətlə yoxlamaq üçün nəzərdə tutulub”. Onun sözlərinə görə, sınaq uçuşu zamanı “Aurora” adlı prototip kapsul Yerin səthindən 30 kilometr yüksəkliyə qalxacaq. Şirkət uçuş boyu texnologiyanın etibarlı olmasını qiymətləndirəcək.