Avropa İttifaqı Macarıstanın Rusiya və Belarus vətəndaşlarına ikiillik vizalar verməsini dayandırmaq üçün Budapeştə çətin ki, təzyiq göstərə bilsin.
QİA.az xəbər verir ki, bu fikri “The Spectator” jurnalı bildirib. “Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir. Bu səbəbdən rəsmi Brüsselin Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq etməsi çətin məsələdir”, – deyə nəşrin müşahidəçiləri qeyd edirlər. Çünki nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının viza siyasəti məsələlərində Macarıstana həqiqətən təsir etmək imkanı yoxdur.
Jurnalın yazdığına görə, ölkənin Baş naziri Viktor Orban “öz gündəmini irəlilətmək üçün ən yaxşı vaxtı seçib”.
Xatırladaq ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu addımla bağlı izahat istəyib. Latviya Prezidenti Edqars Rinkeviç isə Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbi ilə çıxış edib. İndi Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğusuna Budapeştdən cavab gözləyir.