Türkiyəli rektor: Azərbaycan və Qazaxıstanla iqtisadi əlaqələrə töhfə vermək istəyirik

Türkiyənin universitetləri və texnoparkları türk dövlətlərinin inteqrasiyasına töhfə vermək üçün səylərini əsirgəmir və qardaş ölkələrdə, o cümlədən Azərbaycan və Qazaxıstanda sahibkarlıq ekosisteminin inkişafını stimullaşdırmağa çalışır.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Niğde vilayətinin Ömer Halisdemir Universitetinin (NÖHÜ) rektoru, Niğde Texnoparkının idarə heyətinin rəhbəri Hasan Uslu deyib.

NÖHÜ rektoru qeyd edib ki, bu gün Niğde Texnoparkının Bakı və Almatıda iki əlaqə ofisi fəaliyyət göstərir. O əlavə edib: “Ofislərimiz biznes ictimaiyyətinə yeni layihələrin həyata keçirilməsində informasiya dəstəyi göstərmək üçün nəzərdə tutulub. Çalışırıq ki, Türkiyədəki texnoparklar ilə Azərbaycan və Qazaxıstanın iş adamları arasında koordinator rolunu oynayaq”.

Uslu qeyd edib ki, Bakı və Almatıdakı Niğde Texnoparkı ofislərinin mühüm fəaliyyət istiqaməti texnoloji cəhətdən intensiv məhsullar istehsal edən şirkətlərlə yeni beynəlxalq əlaqələrin qurulması, həmçinin qardaş ölkələrdə tədqiqat və inkişaf ekosisteminin formalaşdırılmasıdır.

“Bizim texnologiya parkımız sayəsində Azərbaycan və Qazaxıstandan olan gənc sahibkarlar Türkiyədəki biznes inkubatorlarından faydalana bilərlər. Bu ilin 11-13 iyun tarixlərində Bakıda təşkil etdiyimiz tədbir də məhz bu məqsədə xidmət edirdi”, – deyə Türkiyənin Niğde Universitetinin rektoru bildirib.

O, Niğde Texnoparkının türk dövlətlərində iki yeni əlaqə ofisinin açılması ilə bağlı planlarını da bölüşüb: “Bu ilin ikinci yarısında biz Qırğızıstanın Oş, eləcə də Qazaxıstanın Atırau şəhərlərində ofislər açmağı planlaşdırırıq”.

Oxşar Xəbərlər