Faiq Mütəllimov: Xəzər Gününün qeyd edilməsində əsas məqsəd dənizin çirklənmədən qorunmasıdır

2006-cı ilin bu günü BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin beynəlxalq səviyyədə tanınması üçün beş Xəzəryanı dövlət arasında “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” imzalanıb. Bununla da beynəlxalq səviyyədə, xüsusilə də Xəzəryanı dövlətlərdə avqustun 12-si Xəzər Günü kimi qeyd olunmağa başlanılıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov söyləyib.

O qeyd edib ki, Xəzər dənizi nəinki ölkəmiz, ümumilikdə regionun ekosistemində önəmli yer tutur. Xəzər Gününün elan olunmasında məqsəd ictimaiyyətin diqqətini bir daha Xəzər dənizinə, onun qorunmasına, oradakı fauna və floranın mühafizəsinə yönəltməkdir. “Heç şübhəsiz, Xəzər Gününün qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunmasından, bioloji ehtiyatların mühafizəsindən, bərpası, davamlı və səmərəli istifadəsindən, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Hər il ölkəmizdə ETSN-in əməkdaşlarının, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən Xəzər sahillərində təmizlik və abadlıq işləri həyata keçirilir”, – deyə şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən təmizlik aksiyaları ilə bağlı maarifləndirmə məqsədilə videoçarxlar nümayiş olunub, vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar.

Oxşar Xəbərlər