Səudiyyə Ərəbistanına məxsus şirkət 2025-ci ilin əvvəlində Misirin yeni paytaxtında 55 mərtəbəli ofis binasının tikintisini planlaşdırır. Bu göydələnin enerjisinin böyük hissəsi binaya maye şəklində veriləcək təmiz hidrogenin utilizasiyası hesabına təmin ediləcək.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC “Reuters” agentliyinə istinadla məlumat verir ki, layihənin dəyəri 1 milyard dollara çatır. Göydələninin tikintisi davamlı iqtisadiyyat, həyat və istehsal nümunəsinə çevriləcək. Layihənin həyata keçirilməsi ilə bağlı çərçivə Sazişi 2023-cü ilin yanvarında Davosda Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının sonuncu günü imzalanıb. Tikinti işlərinə Səudiyyə Ərəbistanının “Rawabi Holding” sənaye qrupunun törəmə şirkəti olan “Magnom Properties” firması nəzarət edəcək. Binanın sifarişçisi isə “Forbes” media qrupudur. Layihənin işçi adı “Forbes International Tower”dir. Bu, qrupun ilk ticarət ofisi olacaq. Media qrupu bir neçə il əvvəl Qahirənin şərqində tikilməyə başlayan Misirin yeni inzibati paytaxtında ofisləri icarəyə götürməklə pul qazanmağa ümid edir.
Göydələnin fasadına günəş panelləri quraşdırılacaq ki, bu da onun elektrik enerjisinə olan tələbatını 25 faiz təmin edəcək. Elektrik enerjisinin qalan hissəsi qülləyə verilən hidrogendən alınacaq. Layihədə elektrik enerjisinin vaxtaşırı kəsildiyi Misirdəki kommunal xidmətlərlə hər hansı əməkdaşlıq nəzərdə tutulmayıb. Bu, “Magnom Properties” üçün məhək daşı olacaq. Daha sonra layihə əsasında Dubay və Ər-Riyadda oxşar göydələnlərin tikilməsi nəzərdə tutulur.
Binanın iki sürətli VIP lifti və damında helikopter meydançası olacaq. Təhlükəsizlik həm fiziki, həm də kibermüdaxilənin qarşısının alınması sistemləri ilə təmin ediləcək.
Binada avtomatlaşdırma, süni intellekt, ofis sahəsinin təşkilinə yeni yanaşmalar və digər texnoloji nailiyyətlər tətbiq ediləcək ki, bu da müştəriyə böyük məbləğə başa gələcək. Müqayisə üçün qeyd edək ki, yaxınlıqda Çin şirkətləri tərəfindən 20-yə yaxın oxşar göydələn tikilib və əslində, həmin kompleks Misir hakimiyyətinə cəmi 3 milyard dollara başa gələn bütöv bir blokdur.
Binanın təfərrüatlı layihəsi Çikaqodan olan AS+GG memarlıq qrupuna (“Adrian Smith və Gordon Gill Architecture”) həvalə edilib. Obyektin tikintisinə 2025-ci ilin əvvəlində başlanacaq və onun 2030-cu ilə qədər tamamlanacağı bildirilir.