İsveçdə “mpox” virusuna ilk yoluxma halı qeydə alınıb

İsveçin sosial məsələlər naziri Yakob Forssmed təsdiq edib ki, ölkədə “mpox” virusuna (bundan əvvəl meymunçiçəyi adlandırılıb) ilk yoluxma halı qeydə alınıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, infeksiyanın yayılması ilə əlaqədar vəziyyət barədə əhalini məlumatlandırmaq üçün İctimai Səhiyyə Agentliyi ilə birgə mətbuat konfransı keçirib.

Forssmedin sözlərinə görə, tibbi yardım üçün Stokholm regionuna müraciət edən pasiyent hazırda virusun geniş yayıldığı Konqo Demokratik Respublikasında olub.

“Bu, Afrika qitəsindən kənarda diaqnostika olunan virus variantının səbəb olduğu ilk hadisədir”, – deyən İctimai Səhiyyə Agentliyinin baş direktorunun səlahiyyətlərini icra edən Oliviya Viqzel qeyd edib ki, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) xəstəliyin yayılma riskini çox aşağı olaraq qiymətləndirir.

Viqzel əlavə edib ki, İsveçdə infeksiya ilə mübarizə üzrə bundan sonra keçiriləcək tədbirlərə ehtiyac yoxdur və meymunçiçəyinə qarşı vaksin ehtiyatı kifayət miqdarda var.

Qeyd edək ki, çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatı Afrikada yayılmış “mpox” virusuna görə beynəlxalq fövqəladə vəziyyət elan edib.

Oxşar Xəbərlər