Premyer Liqa: “Zirə”nin oyunu təxirə salınıb

“Zirə”nin Premyer Liqanın III turunda “Araz-Naxçıvan”la keçirilməsi planlaşdırılan oyunu təxirə salınıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Bakı təmsilçisi bu barədə Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerinin dəyişdirilməsini xahiş edib.

Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz-Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/2025-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib.

Belə ki, III turun “Zirə” – “Araz-Naxçıvan” oyunu təxirə salınacaq, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılacaq. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.

2024/2025-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdiriləcək, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçiriləcək.

Oxşar Xəbərlər