İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında Qüdsdə keçirilən danışıqlar təxminən üç saat davam edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.
“Görüş başa çatıb, müsbət və yaxşı əhvali-ruhiyyədə keçib”, – məlumatda belə deyilir. Dəftərxanadan əlavə ediblər ki, Baş nazir Qəzzada saxlanılan israilli əsrlərin azad edilməsi ilə bağlı Amerikanın son təklifinə sadiqliyini bir daha təsdiqləyib.
Bundan əvvəl Blinken İsrail Prezidenti İsaak Hersoqla görüşüb və Qəzza zolağı ilə bağlı danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsin təmin edilməsi üçün “son şans” adlandırıb.
Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS-ın əlindəki girovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Vasitəçilərin – Misir, Qətər və ABŞ-ın birgə bəyanatında qeyd olunub ki, danışıqlar “müsbət atmosferdə” keçib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.