Argentina hakimiyyət orqanları ekipaj arasında “mpox” virusuna ehtimal edilən yoluxma halına görə yük gəmisində karantin tətbiq ediblər.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi və Argentina hərbi-dəniz liqasının yerli orqanının məlumatına görə, karantində olan Liberiya bayrağı altında üzən gəmi Santosdan (Braziliya) Argentinaya taxıl üçün gəlib.
Argentinanın dövlət sanitar orqanları ekipaj üzvlərindən birində meymunçiçəyinə bənzər simptomların mövcudluğu barədə məlumat alıblar. Xəstəliyin yayılmasının qarşısını almaq üçün gəmidə olanları təcrid etmək qərarına gəlinib. Diaqnozu təsdiq etmək üçün ekipaj üzvlərindən nümunələr götürülüb.
Nazirlik bildirib ki, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət protokolu aktivləşdirilib. Gəmiyə yalnız tibb işçiləri qalxa bilərlər, bütün ekipaj isə testlərin nəticələri əldə edilənə qədər karantinə riayət etməli olacaq.
“Mpox” (meymunçiçəyi) – əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar rayonlarında rast gəlinən virus xəstəliyidir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.