Rüfət Əlimərdanov: Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında qalib olmaq istəyirəm

Avqustun 25-də İstanbulda növbəti Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı keçiriləcək. Bu il 36-cı dəfə təşkil olunacaq turnirdə həmvətənlərimiz Rüfət, Rahim və Əmir Əlimərdanovlar, həmçinin su polosu üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi, Əməkdar məşqçisi Azər Babayev iştirak edəcəklər.

QİA.az xəbər verir ki, bu barədə Həvəskar idmançı olan Rüfət Əlimərdanov AZƏRTAC-a müsahibə verib. Dünyanın müxtəlif bölgələrində maliyyə sektorunda rəhbər vəzifələrində təcrübəsi olan Rüfət bildirib ki, hazırda inkişaf investisiya sahəsində işləyir.

Rüfət bu yarışdakı iştirakını qardaşı Asəf Əlimərdanova həsr etdiyini bildirib: “Uşaqlıqda kiçik qardaşımla birlikdə üzgüçülüklə məşğul olurduq. Sonradan mən təhsilimi Türkiyə və ABŞ-da davam etdirdim. İşimlə əlaqədar dünyanın müxtəlif bölgələrində olduğumda hovuz və ya imkan tapdıqca açıq sularda məşq edirdim. Qardaşım da elmi işini Amerikada davam etdirdi. Bunun ardından “Pfizer”, “Wyeth” kimi bir sıra aparıcı farmokologiya şirkətlərində əvvəl tədqiqatçı, sonra isə rəhbər vəzifələrdə işləyib. O da üzgüçülüyə çox həvəs göstərirdi . Təəssüf ki, beş il əvvəl dünyada nadir olan ağır bir xəstəliyə tutuldu. Artıq neçə ildir idmanla məşğul ola bilmir. Bundan sonra mən həm özüm, həm də qardaşım adına üzgüçülüklə daha da ciddi məşğul olmağa və yarışlarda iştirak etməyə başladım. Ötən il İstanbulda keçirilən Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında iştirak etdim və öz yaş qrupum üzrə ilk sıralarda yer tutdum. Belə yarışlara mənsub olan gözəl və bənzərsiz mühit məndə əvəzolunmaz təəssüratlar yaratdı. Bu səbəbdən də builki yarışa iki oğlumu da cəlb etdim. Yəni, bu il biz ailəliklə yarışacağıq. Bizim bu yarışımız qardaşım Asəfə həsr olunub. Bunun həm də ölkəmizdə üzgüçülüyün daha da geniş yayılması baxımından gənclərimiz üçün bir həvəs mənbəyi olacağına ümid edirəm”.

Qeyd edək ki, Rüfət Əlimərdanovun böyük oğlu Rəhimin 17 yaşı var. O, su polosu üzrə Azərbaycan gənclər milli seçmə komandasının üzvüdür. Kiçik oğlu Əmir isə 14 yaşındadır və o da üzgüçülüklə məşğul olur.

Oxşar Xəbərlər