Çeçenistan rəhbərinin oğlu Adam Kadırov respublikanın ən yüksək mükafatını – “Kadırov ordeni”ni alıb.
QİA.az “AiF”ə istinadən xəbər verir ki, bu barədə milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Axmed Dudayev “Telegram” kanalında məlumat verib.
“Bu, onun yüksək mənəvi keyfiyyətinin və işinə sadiqliyinin layiqli mükafatıdır. Adam əsl müsəlman və çeçen olmaqla öz şanlı ailəsini layiqincə təmsil edən vətəninin əsl vətənpərvər oğludur”, – deyə Dudayev yazıb.
Onun sözlərinə görə, Ramzan Kadırovun Çeçenistan rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri vəzifəsini tutan 16 yaşlı oğlu hər bir hərəkətində babasının və Çeçenistanın ilk prezidenti Axmat Kadırovun vəsiyyətinə sadiqdir.
“Qoy bu yüksək mükafat onun fədakarlığının və yüksək məqsədlərə daim səy göstərməsinin simvoluna çevrilsin. Adam Kadırova yolunda daha çox uğurlar və firavanlıq arzulayıram!” – Dudayev əlavə edib.