“Fransa prezidentinin “Telegram” mesencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı açıqlaması onun ikiüzlüyünü göstərir”.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın sağçı “Ayağa qalx, Fransa” partiyasının rəhbəri Nikola Düpon-Enyan “X” sosial şəbəkədəki hesabında yazıb.
“Bu nə ikiüzlülükdür! Makron prezident seçildiyi andan bizim ictimai azadlıqlarımıza qəsd edir, eləcə də Avropa İttifaqı ilə birlikdə ruhən azad olanları sıxışdırmaq istəyir”, – paylaşımda qeyd olunub.
Bundan əlavə, Düpon-Enyan öz auditoriyasını Fransa liderinin bu cür hərəkətlərinə müqavimət göstərməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Makron Durovun həbsinin siyasi qərar olmadığını bildirmişdi. O, “Telegram”ın təsisçisinin həbsi ilə bağlı yekun qərarın qanun və hakimlərin ixtiyarında qalacağını vurğulayıb.