Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət edib.
QİA.AZ bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsindən “Report” verilən məlumata görə, Fansa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Cəmiyyəti, “Alim” Elmi Assosiasiyası, Fransa–Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir.
Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir.
Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.