Gözəl Zutova: Astanaya dünyanın ən güclü idmançıları gəlib

Qazaxıstanın paytaxtı Astanada V Dünya Köçəri Oyunları davam edir. Bu nüfuzlu idman yarışında dünyanın müxtəlif ölkələrindən olan idmançılar güclərini sınayırlar. Azərbaycan nümayəndə heyəti də turnirdə fəal şəkildə iştirak edir və müxtəlif idman növlərində mübarizə aparır.

Yarışların gərgin keçməsinə baxmayaraq, biz Azərbaycanın qadın güləşçisi Gözəl Zutovanın təəssüratlarını öyrənməyə müvəffəq olduq.

O, AZƏRTAC-a bildirib ki, 10 sentyabr tarixində qazax güləşi üzrə ümumilikdə 3 görüş keçirib: birini qazanıb, ikisini isə uduzub.

“Mən əslində 75 kiloqram çəkidə güləşirəm. Fiziki gücüm çox olduğu üçün məni daha yuxarı çəki kateqoriyasına daxil ediblər. Orada 130-140 kiloqramlıq rəqiblər var. Öz çəkimdə olmadığım üçün ciddi çətinliklərlə üzləşirəm”, – deyə o qeyd edib.

Gözəl Zutovanın sentyabrın 11-də daha 4 görüşü olacaq. “Rəqiblərim hələ məlum deyil. Çəkimizdə 22 nəfərik, finala çıxmaq üçün 3 görüşü qazanmalıyam”, – deyə o əlavə edib. 

İdmançı həmçinin bildirib ki, əvvəllər hər çəkidə 5-10 nəfər olurdusa, indi bu rəqəm 20-30 nəfərə çatıb. “Rəqabət daha güclüdür”, deyə o, vurğulayıb.

İdmançının sözlərinə görə, yarışın açılışı çox yüksək səviyyədə keçirilib: “Qazaxıstan Prezidentinin şəxsən iştirakı və idmançıları dəstəkləməsi bizi çox ruhlandırdı. Azərbaycanda da dövlət başçımız İlham Əliyev bizə daim dəstək olur”.

İdmançı qeyd edib ki, Astanaya Yaponiya, Çin, Amerika və digər yerlərdən dünyanın ən güclü idmançıları gəlib: “Azərbaycan kiçik ölkə olsa da, güclü idmançılarımız var. Artıq 4 medal qazanmışıq və sentyabrın 11-də ən azı 4 medal qazanacağımıza ümid edirik. İnşallah, uğurlu olacağıq. Əlimizdən gələni edirik, amma bəzən travma və çəki fərqi səbəbindən istədiyimiz nəticəni əldə edə bilmirik”, – deyə o, əlavə edib.

Oxşar Xəbərlər