Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Smart Agro Technology” layihəsinin ikinci təlimi olub.
BDU-dan QİA.az-a bildirilib ki, universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov çıxışında təbiət elmlərinə dərindən yiyələnməyin vacibliyini və bunun perspektivlərini iştirakçıların diqqətinə çatdırıb.
Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov isə ölkənin milli təhlükəsizliyini təmin edən sahələr sırasında ərzaq təhlükəsizliyinin xüsusi yer tutduğunu, bu məqsədlə kənd təsərrüfatının müasir texnologiyaların tətbiqi ilə inkişafının vacibliyini bildirib. O, Azərbaycan kimi şirin su ehtiyatlarının məhdud olduğu ölkələrdə kənd təsərrüfatında qənaətcil suvarma texnologiyalarının tətbiqinin zəruri olduğunu, bu nöqteyi-nəzərdən “Smart Agro Texnology” layihəsinin zamanın tələblərinə cavab verdiyini deyib və layihə iştirakçılarına uğurlar arzulayıb.
Layihə rəhbəri Sara Rəhimzadə təlimin ikinci mərhələsinin mövzuları və görüləcək işlər haqqında məlumat verib.
Ağıllı suvarma sisteminin ilkin prototipi üçün sahə stansiyasının hazırlanmasından bəhs edən təlimin ikinci mərhələsində təlimçi Elşən Nəsirov iştirakçılara hazırda mövcud olan “ağıllı” suvarma sistemlərinin çatışmazlıqları, bununla bağlı problemlərdən çıxış yolları haqqında danışıb.
Sonra iştirakçılar praktiki tapşırıqlar yerinə yetiriblər.