Bakıda İqlim Fəaliyyəti Həftəsi keçiriləcək

30 sentyabr-4 oktyabr tarixləri arasında Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçiriləcək.

“Trend” xəbər verir ki, bu tədbir beynəlxalq ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşdığı bir vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

Qeyd edilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən, vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırlarsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşib.

Oxşar Xəbərlər