Son 70 ildə dünyada istehsal olunan 9 mlrd ton plastikin 7 mlrd tonu tullantıya çevrilib. Bunlardan 9 faizi emal olunub, 12 faizi yandırılıb, qalanı ətraf mühitə və poliqonlara atılıb. Artıq dəniz quşlarının 90 faizində plastik çirklənmə mövcuddur.
Quru mühitlərdə aşkar olunan plastik materialların ətrafa yayılma potensialı zəif olduğundan ətraf mühitə təsiri də nisbətən məhduddur. Lakin okeanlar, dənizlər və çaylar kimi su mühitlərinə çatmış plastik maddələr (makroplastiklər)
daşıyıcı faktor olan axıntılar vasitəsilə daha uzaq və geniş ərazilərə və hətta okeanlara yayılır.
Bu problem hətta üzən plastik adalar əmələ gətirir. Hər il orta hesabla 8 milyon ton plastik okeanlara atılır. Hazırda okeanların daşıdığı plastik tullantı yükünün 150 milyon ton olduğu güman edilir.
Makroplastiklər çox uzun müddət ərzində parçalanır. Plastik torbalar (az
sıxlıqlı polietilen) ən tez yox olan qrup olsa da, prosesin baş verməsi üçün 20 il lazımdır. PET şüşələr 450 il, plastik 1000 il, poliuretan (sintetik liflər, yapışdırıcılar, xalçaların alt hissələri və sərt plastik contalar) 1000 il, plastik boşqab 500 il, alışqan 100, siqaret kötükləri 12, tərkibində plastik lif olan yaş salfetlər 100 ildən sonra yox olur.
Təəssüf doğuran məqam odur ki, Azərbaycanın paytaxt şəhərində plastik tullantılar idarə olunsa da, bölgələrdə vəziyyət fərqlidir.
Ölkənin 2400 minə qədər əhalisi yaşayan 4 şəhərində, 63 rayon mərkəzində və 70-ə qədər şəhər tipli qəsəbədə ildə təqribən 57 min ton plastik tullantı yaranır. Bu tullantılar qismən idarə olunur, yəni mütəşəkkil olaraq kommunal müəssisələri tərəfindən idarə olunmayan zibilxanalara daşınır. Bu zibilxanalar ya basdırılır, ya da yandırılır. Bəzi hallarda bu zibilxanalar çay dərələrində yerləşir və çayların gursulu dövründə sularla daşınır.
Digər tərəfdən isə ölkənin 4348 kəndində yaşayan 4400 min əhalinin yaratdığı 100 min tondan çox plastik tullantılar mütəşəkkil olaraq toplanılmır, əhali tərəfindən yandırılır, ətraf mühitə, çox vaxt sututarlarına atılır.
Plastik tullantıların idarə olunmasında əhali də əsas iştirakçılardandır. Plastik qablaşdırma tullantılarının evlərdən və ilkin istifadə yerlərindən toplama məntəqəsinə -konteynerlərə əhali daşıyır.
Plastik tullantıların ətraf mühitə atılmasında əsasən əhali və kiçik-orta biznes obyektləri rol alır. Bu baxımdan əhalinin maarifləndirilməsi çox vacibdir.
“Ruzgar” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında həyata keçirdiyi layihə çərçivəsində təşkil etdiyi ekspedisiyalar, tədbir və görüşlərdə plastik tullantıların nə qədər zərərli olması ilə bağlı maarifləndirmə işləri aparıb.
Layihənin əsas ideyası əhalinin, icra orqanlarının və qərar qəbul edənlərin maarifləndirilməsi ilə bağlı olub.
Vurğulamaq lazımdır ki, ölkəmizdə plastik tullantılardan yaranan riskləri minimuma endirmək üçün son illər bir neçə qanunvericilik aktı və siyasi sənədlər qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli, 935 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Milli Fəaliyyət Planı” və Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya bunlara misal ola bilər.
Qeyd edək ki, 2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə “təmiz ətraf mühit və yaşıl artım” bu istiqamətdə işlərin yerinə yetirilməsini vacib edir.