Bu gün Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilib.
QİA xəbər verir ki, Cəbrayıl Şəhəri Günü tədbirində mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir konsert proqramı ilə başlayıb. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları izlənilib, tamaşalar nümayiş olunub. Ziyarətçilər Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilərlə tanış olublar.
Cəbrayıl Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın 4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq ki, bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. İndiyədək 133 ailə, ümumilikdə 433 nəfər öz ata-baba yurduna dönüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.