Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) tərəfdaşlığı, Misirdəki Britaniya Universiteti, BMT-nin İnkişaf Proqramının (UNDP) Misirdəki nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə COP29 Simulyasiya Konfransının açılış mərasimi keçirilib.
ASAP-dan AZƏRTAC-a verilən məlumata görə, Misirdəki Britaniya Universitetində keçirilən və 40 ölkədən 130-dan çox nümayəndənin qatıldığı konfransda Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti də iştirak edir.
Açılış nitqi ilə çıxış edən Misirdəki Britaniya Universitetinin strateji inkişaf üzrə direktoru və strateji inkişaf məqsədləri üzrə məsləhətçi Sara Əl-Kiş və universitetin təlim və tədris üzrə prorektoru professor Katerina Harper konfransın keçirilməsinin önəmindən danışıblar.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilovun çıxışı dinlənilib. O bildirib ki, Azərbaycanda hər zaman təbiət və ətraf mühitin qorunması diqqət mərkəzində olub. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Vurğulanıb ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Q.Xəlilov Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi olduğunu vurğulayıb. Qeyd edib ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. O, həmçinin gənclərin COP29 Simulyasiya Konfransında fəal iştirakının önəmini vurğulayaraq qəbul olunacaq qərarların ətraf mühitin qorunmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Daha sonra UNDP-nin inklüziv inkişaf və innovasiya üzrə Misirdəki rezident nümayəndəsinin köməkçisi Aber Şakverin və COP29 Simulyasiya proqramının bölmə rəhbərlərinin çıxışları dinlənilib.
Çıxışlardan sonra iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, su böhranı və digər aidiyyəti məsələlərin müzakirəsi aparılıb. Müzakirə olunan məsələlərin qlobal təsirləri barədə danışılıb.
Oktyabrın 9-dək davam edəcək konfrans panel müzakirələri formatında keçirilir. Dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirakı ilə baş tutan müzakirələrdə gələcəkdə dayanıqlı inkişafın təmin edilməsinə yönələn innovativ həllərə dair araşdırmaların nəticələri barədə təqdimatlar ediləcək.