4SİM olaraq qadınların texnologiya sahəsində fəaliyyəti istiqamətində tədbirləri dəstəkləyir və həyata keçiririk, eləcə də bu gün baş tutan “AWITA 2024” mükafatlandırma mərasiminin əsas tərəfdaşıyıq. Bu tədbir ildə bir dəfə keçirilir. Fürsətdən istifadə edərək çağırış etmək istəyərdim ki, paytaxtda olduğu kimi, regionlarda İT sahəsində çalışan xanımlar mütləq belə müsabiqələrə müraciət etsinlər.
Bu barədə AZƏRTAC-a müsahibəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva deyib.
“Sevindirici haldır ki, ildən ilə bu sahədə qadınların sayı artır. Eləcə də, regionlardan olan xanımlar müraciət edir, qaliblər arasında onlar da olacaqlar. Xüsusilə qeyd etmək istəyirəm ki, 4SİM bu xanımlarla, həmçinin “Femmes Digitales” İB kimi qurumlarla çalışmağa açıqdır və hər zaman dəstəkləyir. 4SİM-də də bu balans qorunur və innovativ texnologiya sahəsində fəaliyyət göstərən qurum kimi qadınların sayı kifayət qədərdir”, – deyə X.Fətullayeva əlavə edib.