Gəncədə “Azərbaycan cəmiyyətində qadınların rolu və gənclərin tərbiyəsində analar qarşısında duran əsas vəzifələr” mövzusunda tədbir keçirilib.
Azərbaycan Ağsaqqallar Şurasından Qia.az-a verilən məlumata görə, tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU), Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə Tibb və Regional kolleclərinin birgə təşkilatçılığı ilə keçirilib.
ADAU-da baş tutan konfransda Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə qadınların cəmiyyətdə gündən-günə artan əhəmiyyətli rolundan bəhs edilib. Vurğulanıb ki, Azərbaycan qadını müqəddəs analıq missiyasını yerinə yetirməklə yanaşı, nüfuzlu ictimai-siyasi xadim, uğurlu iş adamı, yüksəkixtisaslı peşəkar mütəxəssis kimi də bir çox sahələrdə öz sözünü deyir. Vurğulanıb ki, boşanmaların, erkən nikahların, məişət zorakılığının, narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınmasında qadınlar daha yaxından iştirak etməlidir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirib ki, məhz anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz, xüsusilə də torpaqlarımızı erməni işğalından azad edərək bizə böyük Zəfər sevincini yaşadan unudulmaz şəhid və qazilərimiz, qəhrəman övladlarımız yetişib.
“Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz” Ulu Öndər Heydər Əliyevin bu qiymətli fikirlərini xatırladan sədr müavini Ümummilli Liderimizin qadınlara daim yüksək dəyər verdiyini vurğulayıb. Həmçinin bildirib ki, Prezidentimiz İlham Əliyev də cəmiyyətin əsas dayaqlarından biri olan Azərbaycan qadınının fəaliyyətini daim yüksək qiymətləndirir və onlara dəstək olur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə respublikamızı ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir”, – deyə Bayram Yusifov qeyd edib.
Cəmiyyətimizdə mövcud olan problemlərə də toxunan natiq Azərbaycan Ağsaqqallar Şurasının sıralarında görkəmli, nüfuzlu, ziyalı qadınlarımızın, fədakar analarımızın təmsil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, hər birimiz övladlarımızı dünyanın ən böyük bəlası olan narkomaniya və digər zərərli vərdişlərdən qorumalı, erkən nikahların və boşanmaların sayının azalmasında rol oynamalıyıq.
Tədbirdə, həmçinin “Müasir cəmiyyətin sağlamlığının qorunmasında ailənin məqsədyönlü fəaliyyəti” və “Erkən nikahlar, hüquqi aspektlər praktik problemlər” mövzularında müzakirələr aparılıb. Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası adından səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup qadına təşəkkürnamələr təqdim olunub.