Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Yardımlı, Yevlax və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  Qia.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, işlə təminat, kənd təsərrüfatı texnika və avadanlıqlarının icarəyə götürülməsi və güzəştli şərtlərlə satışı, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub.

AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.

Oxşar Xəbərlər