Sankt-Peterburqda Azərbaycan Respublikasının Baş konsulluğunun təşkilatçılığı ilə Ümummilli Lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Qia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Qoroxova küçəsindəki barelyefi önünə gül dəstələri düzüblər. Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
MDB Parlamentlərarası Assambleyasının “Parlament” mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olan dahi şəxsiyyətin azərbaycanlı olmasının xalqımızın milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirib.
Anar Yusifzadə çıxışı zamanı Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini qeyd edib.
Daha sonra çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında Ümummilli Lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildirib.
Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura çıxış edərək Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun anım tədbirinin iştirakçılarına müraciətini oxuyub. Müraciətdə görkəmli dövlət xadimi Heydər Əliyevin doğma ölkəsinin inkişafının təməlini qoyduğu, onun Azərbaycanı Avrasiya regionunun əsas iqtisadi və mədəni mərkəzinə çevirdiyi, Heydər Əliyevin Azərbaycan və Rusiya xalqlarının çoxəsrlik dostluq münasibətlərinin möhkəmləndirilməsində və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətləri, onun Sankt-Peterburq şəhərinə göstərdiyi xüsusi isti münasibəti qeyd olunub.
Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Liderə məxsus olduğunu, onun Azərbaycanın müstəqilliyi və tərəqqisindəki xidmətlərindən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Daha sonra çıxış edən Türkiyənin Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin bu gün ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Ümummilli Liderə ehtiramını ifadə edib.
MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşərək onun müstəqil Azərbaycan diplomatiyasının banisi olduğunu, Azərbaycanın tərəqqisi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda tarixi xidmətlərindən danışıb.
Anım tədbiri çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı müraciət məktubları Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadəyə təqdim olunub.
Sonda TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” (“Сердце Лидера”) sənədli filmi nümayiş edilib.