Masallıda Ulu Öndərin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Qia.az-ın bölgə müxbiri xəbər verir ki, tədbir Masallı Rayon İcra Hakimiyyəti və Masallı Su Meliorasiya Sistemləri İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.

Ağacəkmə aksiyasının əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində addımlar atmaqla yanaşı, təbiətə hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək olub.

Aksiya həm də “Hərəyə bir ağac əkək” devizinin yaşadılması və gələcək nəsillərə təbiəti qorumaq, yaşıllıq sahələrini genişləndirmək kimi ali dəyərlərin ötürülməsi məqsədini daşıyıb.

Tədbir çərçivəsində təbiətə töhfə məqsədilə 200 ədəd zeytun ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilib və suvarılaraq sağlam böyümələri üçün lazımi şərait yaradılıb.

Oxşar Xəbərlər