Maya Sandu Brüssel səfərinin təfərrüatlarını açıqlayıb

Brüsseldə avropalı tərəfdaşlarla görüşdə enerji konteksti və bu qış mümkün böhran riskləri müzakirə edilib, Moldova və regionun sabitliyi üçün Avropa İttifaqının dəstəyinin vacibliyi vurğulanıb.

Qia.az Moldova Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Brüssel səfərinin yekunlarına dair açıqlamasında bildirib.

Prezident, həmçinin avropalı tərəfdaşlarla 2025-ci ildə Vahid Avropa Ödəniş Zonasına qoşulmaq üzrə danışıqları başa çatdırmaq barədə razılığa gəlib ki, moldovalılar Aİ blokunun bankları ilə apardıqları əməliyyatlara görə artıq vergi ödəməsinlər, eləcə də rouminq tariflərinin tam ləğvi mümkün olsun.

Səfərin mühüm mövzusu Moldovada kiçik və orta sahibkarlığın inkişafı, infrastrukturun və məskunlaşmaların modernləşdirilməsi üçün Avropa İttifaqı tərəfindən göstərilən maliyyə dəstəyi olub.

Maya Sandu hakimlərin qiymətləndirilməsi prosesinin müsbət nəticələrindən də danışıb və vətəndaşların dövlət qurumlarına inamının artırılması və Avropa İttifaqı ilə yaxınlaşması üçün mühüm səy olan korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Sandu Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Avropa Parlamentinin sədri Roberta Metsola və digər rəsmilərlə görüşüb.

Oxşar Xəbərlər