Alimlər Ukraynada geniş spektrli antibiotiklərə davamlı olan “hiperpatogen” bakteriyaların artımı ilə bağlı narahatedici xəbərdarlıq ediblər. Araşdırmalar göstərir ki, bu bakteriyalar müharibə şəraitində yaralanmış insanlarda çox sürətlə yayılaraq müalicəsi çox çətin olan xəstəliklərə səbəb olur.
Qia.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, İsveçin Lund Universitetinin alimləri, xüsusən də tədqiqat rəhbəri Kristian Riesbeck Ukraynada müharibə zamanı yaralanmış 150 insandan götürülmüş nümunələri təhlil ediblər. Nəticələr göstərir ki, bu nümunələrdə geniş spektrli antibiotiklərə davamlı olan bir sıra bakteriya ştammları mövcuddur. Tədqiqatçılar əsas diqqəti xüsusilə təhlükəli hesab edilən “Klebsiella pneumonia” bakteriyasına yönəldiblər.
“Klebsiella pneumonia” bakteriyası sətəlcəm, sidik yolları infeksiyaları, dəri və yara infeksiyaları da daxil olmaqla, bir çox xəstəliklərə səbəb olur. Bu bakteriya antibiotiklərə davamlı olan infeksiyalar nəticəsində baş verən ölümlərin təxminən 20 faizinin əsas səbəbi hesab olunur. Tədqiqatçılar dərmana davamlı bakteriyaya yoluxmuş 37 xəstədən götürülən nümunələri genom səviyyəsində təhlil ediblər. Təhlillər göstərib ki, bütün bakteriyalar antibiotik müqavimətini təmin edən genləri daşıyır. Bu genlər bakteriyaların həm davamlı, həm də aqressiv olmasına şərait yaradır.
Tədqiqatın rəhbəri Kristian Riesbeck bildirib ki, analiz edilmiş bakteriyaların dörddə biri bazarda olan bütün antimikrob dərmanlara tam davamlı olub: “Bu bakteriyalar hər cəhətdən müqavimətli və aqressivdir. Bizim hazırkı antibiotik müalicələrimiz bu bakteriyaları məhv etməkdə çətinlik çəkir. Onların təkcə davamlı deyil, həm də aqressiv olması gələcək üçün ciddi xəbərdarlıqdır”.
Bu tip bakteriyaların müalicəsi həm də bakteriyaların ifraz etdiyi “qeyri-adi” miqdarda seliklə bağlıdır. Selik bakteriyaları antibiotiklərin təsirindən qoruyur, bu da müalicəni çətinləşdirir. Tədqiqatçılar müəyyən ediblər ki, antibiotiklərə ən davamlı bakterial ştamlar sətəlcəmlə əlaqəli siçan təcrübələrində digər bakteriyalardan daha yaxşı sağ qalıblar. Bundan əlavə, bu bakteriyalar digər patogenlərdən daha sürətlə həşərat sürfələrini öldürə biləcək qədər aqressiv davranış nümayiş etdiriblər. Bu da onların aqressivlik səviyyəsinin yüksək olmasını təsdiqləyir.
Ekspertlər bildirirlər ki, Ukraynada müharibə şəraiti bu bakteriyaların yayılmasına münbit şərait yaradır. Yaralı şəxslərin lazımi səviyyədə təcrid olunmaması və müalicə edilməməsi infeksiyanın daha geniş yayılmasına səbəb ola bilər. Alimlərin fikrincə, bakteriyaların yayılması təkcə Ukrayna ilə məhdudlaşmır. Müharibə zonasında olan yaralıların digər ölkələrə köçürülməsi və ya tibbi yardım məqsədilə başqa ölkələrə aparılması, bakteriyaların beynəlxalq miqyasda yayılma riskini artırır.
Lund Universitetinin tədqiqatçısı Kristian Riesbeck qeyd edir: “Narahatlıq doğuran məqam odur ki, bu bakteriyalar həm çoxlu dərmanlara davamlıdır, həm də aqressiv davranış nümayiş etdirir. Əgər xəstələr təcrid olunmasa və lazımi müalicə aparılmasa, infeksiya geniş yayılmağa davam edəcək”.
Alimlər dünya miqyasında səhiyyə sistemlərini bu problemin ciddiliyinə dair xəbərdar ediblər. Antibiotiklərə davamlı bakteriyaların yaratdığı infeksiyaların müalicəsi artıq beynəlxalq səhiyyə təşkilatlarının əsas prioritetlərindən birinə çevrilib. Yeni nəsil antimikrob preparatların hazırlanması və müharibə bölgələrində gigiyena və təcrid tədbirlərinin gücləndirilməsi vacib addımlardan biri hesab olunur. Ekspertlər hesab edirlər ki, bu cür “superbakteriyaların” yayılması nəzarətsiz qaldığı təqdirdə, gələcəkdə qlobal səhiyyə böhranına səbəb ola bilər. Bu səbəbdən, dünya ölkələrinin müharibə bölgələrinə xüsusi dəstək göstərməsi və yeni antibiotiklərin hazırlanmasına daha çox vəsait ayırması vacibdir.
Ukraynada yayılan “Klebsiella pneumonia” bakteriyası səhiyyə sahəsində artan təhlükəyə çevrilib. Bu bakteriyalar yalnız davamlı deyil, eyni zamanda, aqressivdir. Onların geniş yayılması qlobal sağlamlıq üçün ciddi təhdid olaraq qiymətləndirilir. Alimlər beynəlxalq ictimaiyyəti antibiotik müqavimətinə qarşı təcili tədbirlər görməyə çağırır.