Hər bir xalqın tarixində taleyüklü qərarlar, dönüş nöqtələri olur. Azərbaycan üçün 2003-cü il məhz belə bir tarix idi. Həmin il xalqımız düzgün seçim edərək Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Hələ 42 yaşında olan İlham Əliyev o zamandan dövlətçilik ənənələrini yaşadan, gələcəyə yön verən və müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazmağa başladı. Bu gün Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, inkişafının memarı və beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Onun rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.
Ulu Öndərin ideyalarının işığında Azərbaycan iki onillikdə əsrə bərabər yol keçdi. Qırx dörd günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək milli birliyimizin və gücümüzün parlaq simvoluna çevrildi. Dövlətimizin başçısının yenilməz iradəsi və xalqımızın dönməz dəstəyi Azərbaycanın tarixində yeni qələbələr səhifəsi açdı.
Qia.az müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu, nəhayət, qalib sərkərdə kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz siyasi kursunun, qələbə strategiyasının bəzi məqamlarına nəzər salır.
“Əsrin müqaviləsi” ilə başlanan davamlı inkişaf yolu
Son 21 ilə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının dayanıqlı və ardıcıl inkişaf yolunda olduğunu aydın görmək mümkündür. Prezident İlham Əliyev praqmatik düşüncə tərzi, çevik idarəetmə qabiliyyəti və nəticəyə yönəlmiş islahatları ilə ölkəni iqtisadi güc mərkəzinə çevirib, hər dövrün çağırışlarına adekvat cavab verməyi bacarıb. Bu illər ərzində bölgədə həyata keçirilən bütün beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı və milli maraqlarının qorunması əsasında reallaşdırılıb.
Azərbaycanın müasir iqtisadi yüksəlişinin əsası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Bu strategiya sonrakı dövrlərdə də ardıcıl şəkildə davam etdirilərək möhtəşəm nailiyyətlərə səbəb olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilib. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP boru kəmərinin, 2020-ci ilin noyabrında isə Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi Azərbaycanın enerji siyasətindəki uğurlarını daha da möhkəmləndirib. Eyni zamanda, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb.
Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində əhəmiyyətli layihələr icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdırılıb, Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədlərinə qədər uzanan yeni magistral avtomobil yolları istifadəyə verilib. Bu layihələr regionda əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan həm də kosmik ölkələr sırasına daxil olmuş dövlətdir. 2013-cü ildə ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə Yer səthinin müşahidə “Azersky”, 2018-ci ildə isə “Azerspace-2” peykləri orbitə buraxılıb.
Bu möhtəşəm uğurlar ölkəmizi parlaq gələcəyə aparır.
Azərbaycana uğur və nüfuz qazandıran müstəqil xarici siyasət kursu
Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkələrin suverenliyinə hörmət edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın xarici siyasət strategiyasını məhz bu prinsiplər əsasında formalaşdırıb.
Ötən illər ərzində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edib. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi və COP29 kimi möhtəşəm tədbiri keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslərlə iqlim dəyişmələri sahəsində mühüm qlobal qərarların qəbul edilməsinə şərait yaradaraq öz liderliyini bir daha təsdiqləyib.
Dövlətimizin xarici siyasətində ən ağrılı məsələlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli hər zaman əsas prioritet olub. Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda prinsipial çıxışları ilə Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Münaqişənin hüquqi həlli üçün geniş baza yaradılıb, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə yer alan müddəalar Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizi daha da gücləndirdi.
Azərbaycanın müstəqil xarici siyasət kursu Prezident İlham Əliyevin qətiyyətli və prinsipial yanaşması sayəsində ölkəmizi həm regional, həm də beynəlxalq arenada güclü və etibarlı tərəfdaşa çevirib.
Prezident İlham Əliyevin Qələbə strategiyası
Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayan, həm qurucu, həm də islahatçı Liderdir. O, hadisələrin gedişatını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ən yüksək məqsəd kimi qəbul edən və bütün gücünü bu məqsədə həsr edən dövlət başçısıdır. Prezident İlham Əliyev xalqının birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Lider olaraq Azərbaycanı yeni zirvələrə daşıyan strateji addımlar atır.
XXI əsrin əvvəllərində Azərbaycanın qarşısına çıxan ciddi çağırışlar fonunda xalq gələcək taleyini Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə etibar etdi və yanılmadı. İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndərin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda, deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlər zamanla əməli fəaliyyətlə tamamlandı, Heydər Əliyevin başladığı işlər öz məntiqi sonluğuna çatdı.
Nəticə hər kəsin gözləri önündədir: Azərbaycan öz tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Qarabağ münaqişəsinin həlli yalnız iqtisadi və hərbi güclə mümkün deyildi. Bu, eyni zamanda, diplomatiya müstəvisində, informasiya cəbhəsində məqsədyönlü və ardıcıl fəaliyyət tələb edirdi. Prezident İlham Əliyev illər boyu, xüsusən də Vətən müharibəsi zamanı böyük səylə beynəlxalq dəstəyi təmin edərək Qarabağ Zəfərinə nail oldu. Onun diplomatik çevikliyi və xalqın Lideri ətrafında sıx birləşməsi bu Zəfəri təmin edən əsas amillərdən biri idi. Bu birlik və həmrəylik nəticəsində Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdı.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə, həmçinin regionda yeni reallıqlar yaratdı.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Döyüş əməliyyatlarını şəxsən idarə edən, ordusuna birbaşa göstərişlər verən dövlətimizin başçısı həm də informasiya savaşında böyük qələbə qazandı. Müharibə zamanı Prezident İlham Əliyevin xarici mediaya verdiyi otuzadək müsahibə Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynadı.
Bu tarixi Qələbə Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü liderlik qabiliyyəti və millətinə sədaqəti ilə mümkün oldu. Azərbaycan xalqı bu Qələbə ilə tarixində yeni bir dövrə qədəm qoydu – qalib xalqın, qalib dövlətin dövrünə.
Prezident İlham Əliyevin postmüharibə dövründəki liderliyi və strateji addımları
Hadisələrin gedişi bir daha sübut etdi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir. 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması hərb tariximizə növbəti möhtəşəm Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, daha bir tarixi Zəfəri oldu.
Artıq dörd ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Böyük qürurla deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, bununla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
Dövlət başçısı üçün doğum günü təkcə yaş üstünə yaş gəlməsi deyil, həm də dövlət və xalq qarşısında hesabat məqamıdır. Bu baxımdan yanaşsaq, əsrə bərabər son 21 il bənzəri olmayan uğur salnaməsi kimi qəbul edilə bilər.