NAYORA tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə gənclər təşkilatlarının iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.

156 üzv təşkilatı birləşdirən NAYORA, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik ruhunu rəhbər tutaraq gənclər arasında vətənpərvərlik dəyərlərinin gücləndirilməsi, milli yaddaşın qorunması, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılması, eləcə də gənclərin ölkəmizin ictimai həyatında fəal iştirakının təşviqi istiqamətində fəaliyyət göstərir. Zəfər Günü münasibətilə təşkil olunan tədbirlər də bu istiqamətlərə uyğun olaraq gənclərin tarixi biliklərinin artırılmasını, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsini və işğaldan azad edilmiş ərazilərin gələcək inkişafında gənclərin iştirakının təşviqini əhatə edib.

Silsilə tədbirlər çərçivəsində NAYORA, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı, Gənclərin Maarifləndirilməsinə Dəstək, “Cavan” Gənclər Hərəkatı, Həkimlər və Təbib Tələbələr, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı (ELSA), Dünya Gənc Türk Yazarlar Birliyi, Xəzər İntellektual Gənclər Klubu və digər gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Fəxri xiyabana və Zəfər abidəsinə yürüşlər təşkil olunub. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, abidələr önünə gül dəstələri qoyublar. Eyni zamanda, NAYORA, Azərbaycan Respublikasının Gənclər Fondu və gənclər təşkilatlarının iştirakı ilə Zəfər abidəsi ziyarət olunub.

Gənclərin Vətən müharibəsi və tarixi Zəfərimiz haqqında məlumatlılığının artırılması məqsədilə müxtəlif görüşlər və maarifləndirici tədbirlər keçirilib. NAYORA və Gənclərin Maarifləndirilməsinə Dəstək təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərin canlı yaddaşı” adlı görüşdə tarixçi Firdovsiyyə Əhmədova və Vətən müharibəsi qazisi Həsən Mehdiyev iştirak ediblər. Görüş zamanı Azərbaycanın Zəfərə gedən tarixi yolu, Vətən müharibəsinin əhəmiyyəti, şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıq nümunələri müzakirə olunub. Həsən Mehdiyev döyüş yolu və müharibə dövründə yaşadığı hadisələrlə bağlı xatirələrini gənclərlə bölüşüb.

Bu istiqamətdə NAYORA və Müasir Gənclərin İnkişafına Dəstək təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Zəfər Salnaməsi” adlı görüşdə ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev, telejurnalist Jalə Həsənli və Əməkdar jurnalist Azər Həsrət iştirak ediblər. Görüşdə Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyəti, döyüşlər zamanı göstərilən qəhrəmanlıq nümunələri və müharibə dövründə yaşanan hadisələr barədə müzakirələr aparılıb. Qonaqlar şəxsi təcrübələrini və xatirələrini iştirakçılarla bölüşüblər.

Gənclərin intellektual bacarıqlarının inkişaf etdirilməsi və Azərbaycan tarixi haqqında biliklərinin artırılması məqsədilə Xəzər İntellektual Gənclər Klubu ilə birgə “Zəfər Kuboku: İntellektual yarış” təşkil olunub. İnternat Məzunlarının Sosial İnteqrasiyası, YENİ YOL Gənclərin Maarifləndirilməsi, Odlar Yurdu Gənclər, Müasir Gənclərin İnkişafına Dəstək və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı (ELSA) təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi yarışda Azərbaycan tarixi, 44 günlük Vətən müharibəsi, Zəfər Günü və müharibə qəhrəmanları ilə bağlı müxtəlif suallar cavablandırılıb, gənclər öz biliklərini sınamaq imkanı əldə ediblər.

Gənclərin ölkəmizin gələcək inkişafında iştirakının təşviqi məqsədilə “Qarabağ 2030: Gənclər Təşkilatlarının İnkişaf və İştirakçılıq Strategiyası” adlı ideaton keçirilib. SAF Həyat Naminə Gənclər, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı, Həkimlər və Təbib Tələbələr, YENİ YOL Gənclərin Maarifləndirilməsi təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi ideatonda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Qarabağın sosial-iqtisadi və ekoloji inkişafı, gənclər üçün yeni imkanların yaradılması və gənclər təşkilatlarının regionun inkişafında iştirakı istiqamətində ideyalar təqdim olunub. Tədbir gənclərin təşəbbüslərinin dəstəklənməsinə və birgə layihə təkliflərinin formalaşdırılmasına yönəlib.

Bununla yanaşı, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və şəhidlərimizin xatirəsinin yaşadılması məqsədilə NAYORA, “Böyük Qayıdış” Gənclər Təşkilatı və Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının iştirakı ilə şəhid ailələri ziyarət olunub. Ziyarətlər zamanı ailə üzvləri ilə söhbətlər aparılıb, şəhidlərimizin həyat və döyüş yolu ilə bağlı xatirələri dinlənilib, onların göstərdikləri qəhrəmanlıq və fədakarlıq ehtiramla yad edilib.

NAYORA-nın üzv təşkilatları ilə birgə həyata keçirilən bu fəaliyyətlər gənclər arasında milli həmrəyliyin gücləndirilməsinə, tarixi Zəfərimizin gələcək nəsillərə ötürülməsinə və gənclər təşkilatlarının ölkəmizin ictimai həyatında fəal iştirakının təşviqinə xidmət edib.

Oxşar Xəbərlər