“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

QİA.AZ-ın məlumatına görə, fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edilib.

Yerli icra hakimiyyəti başçısının ərazinin sosial-iqtisadi inkişafı sahəsində vəzifələri artırılıb.

Beləliklə, artıq icra hakimiyyəti başçısı müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanmasını təmin edəcək.

Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarına dair metodiki göstərişin üç ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etməlidir.

Həmçinin müəyyən edilib ki, yerli icra hakimiyyəti orqanları tərəfindən kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçiriləcək.

Oxşar Xəbərlər