“Kontakt Home” əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borcunu silir

"Kontakt Home" əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borcunu silir

“Kontakt Home” mağazalar şəbəkəsi II Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirmiş hərbçilərin şirkətə olan kredit borcunu ləğv edir. Hər zaman Korporativ Sosial Məsuliyyət layihələri ilə seçilən Kontakt Home mağazalar şəbəkəsinin bu jesti Beynəlxalq Əlillər Günü ərəfəsində etməyi xüsusilə təqdirəlayiqdir.

Əgər müharibə iştirakçısı:

– İkinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun borcu tam bağışlanır.
– Birinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun özü ilə bərabər, həm də ailə üzvlərinin (ana, ata həyat yoldaşı və 18 yaşadək övladı) borcu tam bağışlanır.

Eyni zamanda “Kontakt Home” bu döyüşlərdə yararlanan və hazırda müalicəsi davam edən hərbçilərə əmək fəaliyyətlərini bərpa etdikləri müddətdə dəstək olmaq məqsədilə, onların kredit borcları üzrə ödənişlərini dondurmaqda davam edir.

Ümumilikdə “Kontakt Home” mağazalar şəbəkəsi hərbi əməliyyatlar dövründə aktiv vətənpərvərlik layihələri ilə seçilib. Şəbəkə yaralı hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşlarının ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

Bundan əlavə, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəbəkə əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə; eyni zamanda II Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb.

Oxşar Xəbərlər