Dekabrın 7-də Türkiyədə dünyanın öndə gedən beynəlxalq investorları bir araya gələcək.
“QİA.AZ”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Beynəlxalq Yatırımçılar Dərnəyinin (YASED) 40-cı il dönümündə ilk dəfə olaraq Beynəlxalq Yatırım Zirvəsi təşkil ediləcək. Tədbir 5 gün davam edəcək.
Beynəlxalq Yatırım Zirvəsi qlobal investisiya mühitinin dəyərli və tanınmış adlarının qatılacağı panel və çıxışlarla ən əhəmiyyətli zirvələrdən biri olacaq. Tədbirin baş sponsor qismində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.” çıxış edir. Beynəlxalq Yatırım Zirvəsinin digər sponsorları arasında SAP, “Boeing”, “Fiat”, “Kale Grubu”, “Oyak Renault Otomobil Fabrikaları” və “PepsiCo” şirkətləri də var.
Beynəlxalq Yatırım Zirvəsininn açılışında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxış etməsi nəzərdə tutulub.
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, belə bir dövrdə qlobal investorların bir araya gələrək gələcəyin investisiya mühitini müzakirə etmələri həm investorlar, həm də ölkələr baxımından çox dəyərlidir.
Onun sözlərinə görə, COVID-19 ilə artıq “yeni normal” deyə bir anlayışı müzakirə etməli oluruq: “İnvestorların “İnvestisiyalarda yeni normal nə olacaq, bundan sonra hansı sektorlara investisiya qoymaq prioritet olacaq, ölkələrin yeni dəstək siyasətləri nə olmalı?” kimi suallara cavab axtarıldığı bir zamandayıq. Böyük, kiçik hər şirkətin rəqəmsal inkişafı məcburi edən, xüsusilə böyük layihələrdə inteqrasiya ağırlığının artdığı bir zamanı yaşayırıq”.
SOCAR rəsmisi qeyd edib ki, bu səbəblə beynəlxalq investisiya dünyasından mühüm adların iştirak edəcəyi YASED-in Zirvəsini çox mühüm hesab edilir: “Bu zirvənin önümüzdəki dövrdə proqnozlaşdırdığımız investisiyalarımız üçün bizlərə üfüq açacağını düşünürəm”.