OPEC+ formatı Nazirlər Monitorinq Komitəsinin dekabrın 3-də keçirilən iclasından sonra bu gün səhər hərraclarda neftin qiyməti artıb.
“QİA.AZ” xəbər verir ki, Bakı vaxtı ilə saat 8.33-də “Brent” markalı neftin fevral fyüçersləri 1,95 faiz bahalaşaraq 49,66 ABŞ dollarından, “WTI” markalı neftin yanvar fyüçersləri də 1,69 faiz bahalaşaraq 46,61 dollardan satılıb.
Xatırladaq ki, dünənki iclas zamanı OPEC+ formatı çərçivəsində 2021-ci ilin yanvar ayından hasilatı aybaay artırmaq barədə yekdil qərara gəlindi. Belə ki, yanvar ayında hasilat 500 min barel, sonrakı aylar ərzində isə ayrıca qərar əsasında, lakin 500 min bareldən çox olmamaq şərtilə artırılacaq.
Yəni 2021-ci ilin yanvar ayında OPEC+ ölkələri istinad nöqtəsi olaraq qəbul etdikləri 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən hasilatı əvvəlki razılaşmadakı kimi 5,8 milyon barel yox, 7,2 milyon barel ixtisar olunacaq.
“OPEC+ çərçivəsində ehtiyatlı, aramla addım atmaq qərarının verilməsi bazarı sevindirdi. Qarşıdakı müəmmanı nəzərə alaraq belə bir qərar məntiqlidir. Neft bahalaşdıqca təklifi azaltmaq həvəsinin zəifləməsi dəyişməz hal olaraq qalır” – “İHS Markets”in eksperti Viktor Şum “Bloomberg”ə bildirib.