Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Ulduzxan Əhmədovdan Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə təbrik məktubu ünvanlanıb.
QİA.AZ-ın məlumatına görə, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Vətən müharibəsində Böyük Qələbə münasibətilə Sizi və bütün Azərbaycan xalqını Latviyada yaşayan azərbaycanlılar, Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.
Bu Qələbə bizim qəhrəman və rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə qazanılıb. Siz bizə, azərbaycanlılara torpaqlarımızı, qürurumuzu, inamımızı və sıx birliyimizi qaytardınız. Bizim rəşadətli və qəhrəman Ordumuz, atalarımız və oğullarımız, analarımız və bacılarımız Sizin rəhbərliyinizlə uğurla mübarizə apardılar və Böyük Qələbəyə nail oldular.
Bu Qələbədə şəhidlərimiz oldu, onlar torpağımızın azad edilməsi uğrunda canlarından keçdilər. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını arzu edirik.
Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur və əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə həyata keçiriləcək.
Cənab Prezident, biz Sizinlə – Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin kursunun layiqli davamçısı ilə fəxr edirik.
Biz Sizinlə Azərbaycan xalqının böyük qəhrəmanı kimi fəxr edirik.
Biz fəxr edirik ki, Siz Azərbaycan xalqının tarixinə Qələbə Gününü qızıl hərflərlə yazdınız.
Biz Sizin dünya birliyində yüksək səviyyəli siyasi xadim olmağınızla fəxr edirik. Allah Sizi qorusun!”.