Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.
Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.
Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.
Ceyhun Bayramov həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.00:35
İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri – Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.
“QIA.AZ” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Qeyd edilir ki, görüş 6 saatdan çox davam edib. XİN başçılarının müzakirələrinin detalları açıqlanmır.17:11
İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
“QIA.AZ” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.
Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.