“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi sığorta sektoru üzrə tənzimləyici qurum olan Türkiyə Sığorta Birliyi ilə rəsmi əməkdaşlığa başlayıb.
ASA-dan “QİA.AZ”a verilən məlumata görə, bununla əlaqədar iki qurum arasında memorandum imzalanıb.
Memoranduma əsasən, tərəflər ikitərəfli münasibətlərin yaradılması, sığorta sahəsində kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi, Azərbaycanın sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılmasında Türkiyə təcrübəsindən istifadə və Türkiyənin təkrarsığorta təcrübəsinin Azərbaycanda tətbiqi üçün addımların atılması istiqamətində razılığa gəlib.
İkitərəfli əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində həyata keçiriləcək layihələrdən biri də post-pandemiya dövründə türk dünyası ölkələrinin birgə sığorta forumunun məhz bu iki qurumun təşəbbüskarlığı və təşkilatçılığı ilə həyata keçirilməsindən ibarətdir.
TSB 1900-cü ildən fəaliyyət göstərir. Quruma qonşu ölkədə fəaliyyət göstərən 39 qeyri-həyat sığortası, 21 həyat sığortası və 3 təkrarsığorta şirkəti, ümumilikdə 63 şirkət üzvdür.