Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 65-ci yeri tutub.
“QİA.AZ”ın məlumatına görə, bu barədə “Speedtest Global Index” hesabatının oktyabr ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 104-cü yerdə qərarlaşıb.
Reytinqə əsasən, son 12 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 28,93 Mb/saniyədən 31,45 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 24,49 Mb/san- dən 27,83 Mb/san-ə qalxıb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 5 pillə geriləyərək 65-ci olub. Sabit internetin sürətində isə 7 pillə irəliləyib və 104-cü olub.
Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin daxil olub. Cənubi Koreyada mobil internetin sürəti 145,03 Mb/san, BƏƏ-də 129,61 Mb/san, Çində isə 124,39 Mb/san təşkil edib.
Ən sürətli sabit internet isə Sinqapur, Honq-Konq və Rumıniyadadır. Sinqapurda stasionar telefon ilə internetə 229,42 Mb/san-yə qoşulmaq mümkündür. Honq-Konqda sabit internetin sürəti 215,19 Mb/san, Rumıniyada isə 188,55 Mb/san-dir.
Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Fələstin və Venesueladadır. Belə ki, Əfqanıstanda mobil internetin sürəti 7,05 Mb/san, Fələstində 7,48 Mb/san, Venesuelada isə 8,80 Mb/san təşkil edib. Stasionar telefonla sabit internetin sürətinə görə reytinqin sonuncuları Türkmənistan, Yəmən və Əlcəzairdir. Türkmənistanda bu sürət 3,81 Mb/san, Yəməndə 4,40 Mb/san, Əlcəzairdə isə 4,97 Mb/san təşkil edib.