Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 21-dən 31-nə qədər Bakıda və Abşeronda təşkil edəcəyi “Kənddən Şəhərə” qış yarmarkası 3 fərqli ünvanda baş tutacaq.
“QİA.AZ” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.