“Yeni prezident Cozef Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid edirəm”.
QİA.AZ xəbər verir ki, bunu “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda “Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar bildirib.
“ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə – Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, – keçmiş səfir söyləyib.
O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir:
“Bu məsələdə Rusiya hələlik “öz kartlarını” gizli tutur. O, faktiki olaraq Ermənistanı tam fəlakətdən xilas edib, onun darmadağın olmasını istəməyib. Mən bu münaqişənin tamamilə həll olunmasını istərdim. Bu, regiondakı bütün ölkələrin, o cümlədən elə Ermənistanın da marağındadır. Lakin məsələnin yaxın vaxtlarda tam şəkildə həll olunacağını görmürəm”.